Xəbərlər

Çingiz Hüseynzadə İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti seçilmişdir

20 noyabr 2017 574

İslam Həmrəyliyi İdman Federasiyası 19-22 noyabr tarixlərində Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərindəki toplantısında dörd illik fəaliyyətinə yekun vurmuşdur. Bununla bağlı 19 noyabrda İHİF-in İcraiyyə Komitəsinin iclası olmuş orada X Baş Assambleyanın gündəliyi və hesabat məruzələri təsdiq olunmuşdur.

20 noyabr tarixində İslam Həmrəyliyi İdman Federasiyasının Baş Assambleyası işinə başladı. Təbdirdə İHİF-in sədri Zati-aliləri Turki bin Abdulmohsen Al-Alsheix, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Zati-aliləri Yousef bin Ahmad Al-Otaimeen, İHİF-in vitse-prezidentləri Hamad Kalkaba Malbaum və Çingiz Hüseynzadə iştirak etmişlər.

İslam Həmrəyliyi İdman Federasiyasının Baş Assambleyasının gündəliyində duran əsas məsələ təşkilatın dörd illik fəaliyyəti ilə bağlı hesabat olmuşdur. Hesabatda dörd il ərzində görülmüş işlər arasında Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili, onun İslam dəyərlərinin dünya miqyasında yayılmasındakı müstəsna rol oynaması, İslam ölkələri arasında dostluq və həmrəyliyin gücləndirilməsindəki önəmi xüsusi qeyd olunmuşdur.

Baş Assambleya təşkilatı dörd illik fəaliyyətinə yekun vurduqdan və növbəti dörd il üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirdikdən sonra İHİF-in İcraiyyə Komitəsinin üzvlərinin və rəhbərliyinin seçkisi olmuşdur. Fərəhli haldır ki, toplantıda Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin təşkilatın vitse-prezidentiliyə namizədliyi irəli sürülmüş və o, İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti seçilmişdir. Qeyd edək ki, Çingiz Hüseynzadə artıq üçüncü dəfədir ki, bu təşkilatın vitse-prezidenti seçirilir.