Xəbərlər

Beynəlxalq Cüdo Federasiyasının Akademiyasının məşqçi sertifikat proqramının ilk hissəsinin imtahanı baş tutub

13 fevral 2023 478

13 fevral 2023-cü ildə Bakıda Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyasının cüdo məşqçiliyi sertifikat proqramının ilk hissəsi yekunlaşıb. Təlimin birinci hissəsində 36 məşqçi iştirak edib və onlardan 31-i imtahandan uğurla keçib. Bu gündən etibarən proqramın ikinci hissəsi başlayıb, növbəti imtahan isə fevralın 17-18-si baş tutacaq. Beynəlxalq Cüdo Federasiyasının Akademiyasının proqramında iştirak edən hər bir məşqçiyə Beynəlxalq Olimpiya Komitəsinin  iştirakçı sertifikatı təqdim olunub.

Azərbaycan Cüdo Federasiyasının BCF-in Akademiyası ilə 2022-ci ilin mart ayından başlayan əməkdaşlığı nəticəsində qeyd edilən proqrama 80-dən yuxarı cüdo məşqçisi cəlb edilib. Nəzəri imtahanları uğurla başa vuran məşqçilər əyani surətdə imtahan verərək müvafiq sertifikatı əldə etmək imkanı qazanıblar.

Seminar və imtahan BCF Akademiyasının direktoru Envik Qalea, Akademiyanın proqram rəhbəri Dr. Tibor Kozsla, Akademiyanın idman direktoru Daniel Laskau və digər ekspertlər (ümumilikdə 10 ekspert) tərəfindən keçirilir.

Qeyd edək ki, proqram Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK), Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı, Beynəlxalq Olimpiya Komitəsi (BOK) Olimpiya Həmrəyliyi Fondunun maliyyə və Beynəlxalq Cüdo Federasiyasının texniki dəstəyi ilə keçirilir.