Xəbərlər

Bakıda “Olympic Moves” proqramının final mərhələsinin püşkatma mərasimi keçirilib

12 aprel 2016 606

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Beynəlxalq Olimpiya Komitəsinin və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti, MOK, Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin birgə tərəfdaşlığı həyata keçirilən “Olympic Moves” kütləvi idman proqramının final mərhələsinin püşkatma mərasimi keçirilib.

“Olympic Moves” proqramının əsas məqsədi “Bakı 2015” Avropa Oyunlarının sosial və idman irsini davam etdirərək məktəblilər arasında atletika, velosiped idmanı, basketbol 3×3 və badminton idman növləri üzrə məktəb və şəhər yarışları keçirməklə şagirdləri sağlam və aktiv həyat tərzinə cəlb etmək, həmçinin Olimpiya dəyərlərini təşviq etməkdən ibarətdir.

Basketbol 3×3 və badminton idman növləri üzrə Olimpiya sistemi ilə keçirilən püşkatma mərasimində finala vəsiqə qazanmış komanda rəhbərləri və müvafiq idman növləri üzrə hakimlər heyəti iştirak edib ki, hakimlər tərəfindən tədbir iştirakçılarına final haqqında ətraflı məlumat və komandaların hazırlanması üzrə tövsiyələr verilib.

Tədbirdə MOK, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və müvafiq idman federasiyalarının səlahiyyətli şəxsləri ilə birgə “Olympic Moves” beynəlxalq idman proqramının ulduz idmançıları – basketbolçu Amil Həmzəyev və badmintonçu Orxan Qələndərov iştirak ediblər.

Sözügedən proqrama 400-ə yaxın Bakı şəhər orta ümumtəhsil məktəbində təhsil alan 50 mindən çox şagird atletika, badminton, basketbol 3×3 və velosiped idmanı üzrə yarışlara cəlb olunub. “Olympic Moves” proqramının Azərbaycanda icrasına 2015-ci ildə başlanılıb və bu proqram məktəblilərin idmana cəlb olunmasında əhəmiyyətli rol oynayıb. 4 idman növü üzrə məktəbdaxili yarışlar ilə başlayan proqram Bakı rayon yarışları ilə davam edib və bu ilin aprel ayında Bakı İdman Sarayında təşkil olunacaq final və idman festivalı ilə başa çatacaq.

Məktəblilərin “Olympic Moves” idman proqramının əsası 2003-cü ildə “Coca-Cola” və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən qoyulub. Proqram uşaqların daim hərəkətli olmasını təbliğ edir ki, bu da “Coca-Cola”nın daha sağlam, xoşbəxt və fəal cəmiyyət prinsipini özündə təcəssüm etdirir. “Olympic Moves” proqramı məktəblilərin daha fəal və sağlam həyat tərzinə cəlb olunmasına yardım edəcək və Azərbaycanda idmanın inkişafına öz töhfəsini verəcək.