Xəbərlər

Bakıda “İdman elminin müasir aspektləri” mövzusunda beynəlxalq konfrans keçirilib

24 iyun 2022 98

İyunun 24-də Bakıda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) təşkilatçılığı ilə Beynəlxalq Olimpiya Gününə həsr olunmuş “İdman elminin müasir aspektləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb.
Konfransın əsas məqsədi idmanın inkişafında son elmi nailiyyətlərin birgə müzakirəsi və təcrübə mübadiləsidir.
Konfransın açılışında gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev çıxış ediblər.Tədbirin ölkəmizdə təşkilinin əhəmiyyətli addım olduğunu vurğulayan natiqlər konfransın işinə uğurlar arzulayıblar. 
Qeyd edək ki, konfransda respublikamızın bədən tərbiyəsi və idman sahəsində görkəmli mütəxəssisləri ilə yanaşı Böyük Britaniyanın London Kollec Universiteti (UCL), London İmperial Kolleci, Volverhampton Universitetinin, Türkiyənin Eskişehir Texniki Universiteti, Rusiyanın MGİMO, Lomonosov adına Moskva Dövlət Universitetinin dünyaca məşhur professorları, Avstriyanın ComplexCore təşkilatının aparıcı expertləri iştirak edir.
Açılış hissəsindən sonra konfrans idman psixologiyası, idman tibbi, idman menecmenti və idman hüququ üzrə aktual mövzularda məruzələrlə davam edib.
Konfransa sabah ASAPES-də “İdmançıların hazırlıq sisteminin təkmilləşdirilməsi”, “Bədən tərbiyəsində kütləvilik və sağlam həyat tərzinin formalaşdırılması” və “Bədən tərbiyəsi və idman fəaliyyətinin təşkili” bölmələrində maraqlı təqdimatlar və müzakirələrlə yekun vurulacaq.