Xəbərlər

Bakı 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək

26 iyul 2013 429

21-25 İyul, 2013-cü il tarixində Səudiyyə Ərəbistanın Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 8-ci Hesabat-seçki Baş Assambleyası keçirilmişdir.

İclasda Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) və İHİF-nın vitse-prezidenti Çingiz Hüseynzadə, və Beynəlxalq Əlaqələr İdarəsinin rəisi və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı yaradılan Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva, MOK-nin Beynəlxalq proqramlar üzrə mütəxəssisi və İslam Həmrəyliyi Oyunlarının işçi qrupunun üzvü Mehman Kərimov şəhərin təqdimati ilə çıxış etmişlər. Assambleya çərçivəsində Bakı 2017 Namizədlik kitabının təqdimatı olmuşdur. Kitab haqqında geniş məlumat verilmişdir. Namizədlik kitabı oyunların vizyon və konsepti, siyasi və iqtisadi vəziyyət, hüquqi aspektlər, gömrük və immiqrasiya, ətraf mühit və meteorologiya, maliyyə, marketinq və kommunikasiya, idman obyektləri və yarışlar, yaşayış obyektləri, nəqliyyat, təhlükəsizlik, tibbi xidmətlər və dopinq nəzarəti bölmələrini əhatə edir. Tədbir iştirakçılarına islam oyunları ilə bağlı hazırlanmış xüsusi video çarx nümayiş etdirilmiş və çap məhsulları paylanılmışdır.

Mühüm məqam ondan ibarətdir ki, Assambleya ərzində İslam Həmrəyliyi İdman Federasiyasına üzv olan MOK-lar 2017-ci ildə 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək üçün Azərbaycana səs vermişlər və tam səs çoxluğu ilə Azərbaycanın 2017-ci ildə 4-cü İslam Həmrəyliyi Oyunlarınına ev sahibliyi etməsi haqda qərar qəbul edildi.

Tədbir zamanı İHİF-nın 2013-2017-ci illər müddəti üçün yeni tərkibi müəyyən edilmiş və Çingiz Hüseynzadə yenidən növbəti 4 illiyə İHİF-nın vitse-prezidenti seçilmişdir. Eyni zamanda struktur dəyişikliyinə əsasən İHİF 1968-ci ildən bəri fəaliyyəti müddətində ilk dəfə İcraiyyə Komitəsinə xanım nümayəndə olaraq Könül Nurullayevanın seçilməsi haqda tarixi qərar qəbul edilmişdir. Beləliklə Azərbaycan İslam Həmrəylik İdman Federasiyasında iki nümayəndə ilə təmsil olunan yeganə dövlətdir.

Sonda qeyd etmək istərdik ki, 2015-ci ildə İslam Həmrəylik İdman Federasiyasının növbəti Baş Assambleyasının da Azərbaycanda keçirilməsi haqda qərar qəbul olunmuşdur.