Xəbərlər

Bakı 2015 Çimərlik voleybolu yarışlarında iştirak üçün seçilmiş komandaları elan edib

28 fevral 2015 520

İdman növləri üzrə 2014-cü il təqviminin sona çatmasının və Milli Olimpiya Komitələrinin (MOK) Oyunlarda iştirak üçün ayrılmış yerləri təsdiq etməsinin ardınca Bakı 2015 Avropa Oyunlarının Çimərlik voleybolu yarışlarında iştirak edəcək yerli komandalarımızın sayı açıqlanmışdır.

Bakı 2015 Avropa Oyunlarının Çimərlik voleybolu yarışlarının iştirakçıları aşağıdakı ölkələrdir (komandaların sayları mötərizələrdə qeyd olunub):

Kişilər: Avstriya (2), Azərbaycan (2), Belarus (1), Çexiya (1), Danimarka (1), Estoniya (1), Fransa (2), Almaniya (2), Böyük Britaniya (1), Yunanıstan (1), İsrail (1), İtaliya (2), Latviya (2), Hollandiya (1), Norveç (2), Polşa (2), Rusiya (2), İspaniya (2), İsveçrə (2) və Türkiyə (2);

Qadınlar: Avstriya (2), Azərbaycan (2), Çexiya (2), Finlandiya (2), Fransa (2), Almaniya (2) Yunanıstan (1), İtaliya (2), Litva (1), Hollandiya (2), Norveç (1), Polşa (2), Rusiya (2), Slovakiya (1), İspaniya (2), İsveç (2), İsveçrə (2) və Ukrayna (2).

Oyunlara ev sahibliyi edən ölkə kimi Azərbaycan iki kişi və iki qadın cütlüklər ilə təmsil olunacaq. Bakı 2015 Avropa Oyunları ilə bağlı bütün digər kvalifikasiyalar Avropanın reytinq sistemi əsasında müəyyən olunacaqdır. Bir ölkədən hər iki cins üzrə maksimum iki cütlük iştirak edəcək. Bakıda keçiriləcək həm kişi, həm də qadınlardan ibarət turnirlərdə ümumilikdə 25 ölkə təmsil olunacaq.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq deyib: “Çimərlik voleybolu müasir və hər il daha çox məşhurluq qazanan Olimpiya idman növlərindən biridir ki, bu da onu birinci Avropa Oyunlarına uyğun gələn idman növünə çevirir. Bakı 2015 Avropa Oyunlarının keçirilməsində məqsədimiz Avropalı gəncləri Oyunlarda iştiraka həvəsləndirmək və bütün qitəni möhtəşəm idman bayramında bir araya gətirməkdir.”

Avropa çoxsaylı idman növlərindən ibarət yarışlarda çimərlik voleybolu idmançıları nəslinin əsasını qoyur. Belə ki, Almaniya və Latviyanın kişilərdən ibarət komandaları 2012-ci il London Olimpiya Oyunlarında çimərlik voleybolu yarışlarında müvafiq olaraq qızıl və bürünc medal qazanmışlar.

Bakı 2015 Avropa Oyunlarının İdman şöbəsinin direktoru cənab Pirs O`Kallaqan söyləyib: “Avropa Oyunları çimərlik voleybolu idman növü üçün Azərbaycanda və bütün Avropada yeni azarkeşlər qazandıracaq. Mən əminəm ki, çimərlik voleybolu yarışları Bakı 2015 Avropa Oyunlarında diqqət mərkəzində olacaq.”

Avropa Voleybol Konfederasiyasının prezidenti cənab Andre Meyer deyib: “Avropa Voleybol Konfederasiyası Bakı 2015 Avropa Oyunlarına iştirak hüququ qazanmış çimərlik voleybolu komandaları haqqında elanı alqışlayır və biz bu yay möhtəşəm idman bayramının keçirilməsini səbirsizliklə gözləyirik.”

Bakı 2015 Avropa Oyunlarında iştirak edəcək çimərlik voleybolu komandaları Rio 2016 Yay Olimpiya Oyunları ilə bağlı təsnifat yerləri üçün reytinq xalları qazanacaqlar və bu da yarışları daha da intensivləşdirəcək.

16-21 iyun tarixlərində keçiriləcək çimərlik voleybolu yarışlarında həm kişi, həm də qadınlardan ibarət turnirlərdə ümumilikdə 64 cütlük mübarizə aparacaq.