Azərbaycanın iki boksçusu Avropa çempionu olub, ikisi bürünc medal qazanıb
26 avqust 2023 602
Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyinə yekun vurulub.
9 gün davam edən yarışı Azərbaycan milli komandası iki qızıl və iki bürünc medalla bitirib.
Yığmanın heyətində Şahin Aslanov Avropa çempionu tituluna yiyələnib. 52 kiloqram çəkidə mübarizə aparan boksçumuz finalda Nikolay Nikolayevi (Bolqarıstan) məğlub edib. O, həlledici döyüşdə 5:0 (30:27, 29:28, 29:28, 30:27, 30:27) hesablı qələbə qazanaraq qızıl medala sahib olub.
Millinin heyətində ən ağır çəkili boksçu Səftər Məmmədzadə (90 kiloqram) də Avropanın ən güclüsü tituluna yiyələnib. Təmsilçimiz finalda ukraynalı Yosip-Vladislav Kozakeviçə 5:0 (29:28, 29:28, 30:27, 30:26, 29:28) hesabı ilə qalib gələrək, Mariborda Azərbaycan Himnini səsləndirib. Komandamızın aktivinə bürünc medalları isə Adil Zalov (63 kiloqram) və İsmayıl Vəliyev (70 kiloqram) yazdırıblar.
32 ölkədən 380 idmançının qatıldığı yarışda 4 medal qazanan oğlanlardan ibarət milli Avropada dördüncü yeri tutub. Yarışda ümumilikdə 9 ölkənin boksçusu çempionluq sevinci yaşayıb. Birinci pilləni Ukrayna (6 qızıl, 1 gümüş, 5 bürünc) tutub.
Qeyd edək ki, 2022-ci ildə Türkiyədəki analoji yarışda komandamız 1 qızıl, 1 gümüş və 3 bürünc medal əldə etmişdi. Bu dəfə isə finala vəsiqə qazanan hər 2 boksçumuz rinqdən qalib ayrılaraq çempion tituluna yiyələnib.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı