Azərbaycanın 2 boksçusu Millətlər kubokunda qızıl medal qazanıb
22 yanvar 2023 450
Serbiyanın Sombor şəhərində qız və qadın boksçular arasında Millətlər kuboku davam edir. Yarışın beşinci günündə final döyüşlərinə start verilib.
Həlledici görüşlərdə ilk olaraq Azərbaycan millisinin 2 idmançısı rinqə çıxıb. Yeniyetmə boksçuların mübarizəsində yarımfinalda macarıstanlı Patrisiya Petrimanı məğlub edən Banuçiçək Nəsirli (46 kq) növbəti görüşündə onun həmyerlisi Roksana Talpasla üz-üzə gəlib. Finalda rəqibini 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edən təmsilçimiz qızıl medala yiyələnib.
Nəsirlinin uğurunu Emili Rzayeva da təkrarlayıb. Gənclərin yarışında 66 kq çəkidə rinqə çıxan Avropa çempionu serbiyalı Anastasiya Boskoviçdən güclü olub. O, 4:1 (30:27, 29:28, 29:28, 30:27, 28:29) hesabı ilə qələbə qazanaraq qızıl medala layiq görülüb.
Nəticədə milli komandamızın qazandığı mükafatların sayı 8-ə çatıb. Nəsirli ilə Rzayevadan öncə məktəbli boksçular arasında Səma Hüseynova (54 kq), gənclərdə Aysu İsmayılova (48 kq), Nərmin Əlizadə (50 kq), böyüklərdə Günel Rəhimova (48 kq), Anaxanım İsmayılova (50 kq) və Esmira Məmmədova (63 kq) bürünc medala sahib olublar.
Qeyd edək ki, 13 ölkədən 100-dən çox idmançının qatıldığı Millətlər Kubokunun sonuncu günündə daha 3 boksçumuz final qarşılaşmasına çıxacaq. Gənclərdə Lalə Mədətova (48 kq) rumıniyalı Mihaela Badesku ilə, Aynur Mikayılova (52 kq) serbiyalı Draqana Yovanoviçlə, böyüklərdə Şəhla Allahverdiyeva ingiltərəli Dion Burmanla üz-üzə gələcək.
Bənzər xəbərlər
Millimiz Berlində beynəlxalq təlim-məşq toplanışında iştirak edib
Yeniyetmə oğlanlardan ibarət milli komandamızın üzvləri beynəlxalq təlim-məşq toplanışında iştirak ... Ətraflı
Cüdo üzrə kiçik yaşlı yeniyetmələr arasında Abşeron-Xızı region birinciliyi keçiriləcək
Aprelin 19-da “Yaşıl Dünya naminə həmrəylik ili”nə həsr olunmuş 15 ... Ətraflı