Xəbərlər

Azərbaycan və Slovakiya Mədəniyyət festivalı keçirildi

22 dekabr 2021 103

Olimpiya Mədəniyyəti və Təhsil Proqramı (OCEP) çərçivəsində keçirilən Azərbaycan və Slovakiya Mədəniyyət festivalı rəngli anlarla yadda qaldı.
Azərbaycan-Slovakiya Mədəniyyət festivalının iştirakçıları - MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və baş katib Azər Əliyev, həmçinin, Təhsil Nazirinin müavini Firudin Qurbanov, MOK-un yeni seçilən vitse-prezidenti  Zemfira Meftaxetdinova, MOK İcrayyə Komitəsinin üzvü,  Gənclər və İdman Nazirinin müavini Mariana Vasilyeva ilk növbədə Y. Kovalyov adına 229 saylı məktəbin şəhid məzunlarına həsr edilən xatirə lövhəsinin qarşısına gül dəstələri qoyublar. Şəhidlərin əziz xatirəsi anıldıqdan sonra Olimpiya Mədəniyyəti və Təhsil Proqramı çərçivəsində reallaşdırılan festivala start verilib.
MOK rəhbərliyinin hesabat-seçki Baş Məclisinin iclasından sonra qatıldığı ilk tədbirin qəhrəmanlaının da uşaqlar olması da təsadüfi deyil.  Bu MOK-un Olimpiya fəlsəfəsini uşaq və yeniyetmələr arasında təbliğinə əhəmiyyət verməyinin göstəricisidir. Qonaqları Azərbaycan- Slovak dilində salamlayan şagirdlər təbrik sözlərindən sonra 31-dekabr Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan festivalın bədii hissəsinə keçiblər.  Y. Kovalyov adına 229 saylı məktəbin şagirləri hər iki xalqın mədəni irsini özündə ehtiva edən xüsusi performanslarını nümayiş etdiriblər.
Festival zamanı Olimpiya Mədəniyyəti və Təhsil Proqramı Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsinin dəstəyi ilə Bakı 2019 Avropa Gənclərinin Olimpiya Festivalı (AGOF) çərçivəsində həyata keçirilən ilk və unikal proqram olduğu haqda iştirakçılara məlumat verilib. Qeyd olunub ki, Avropa və Azərbaycan məktəbləri arasında qardaşlaşma və mədəniyyətlər arası mübadilə layihənin əsas komponentlərindən biridir. Mədəniyyət, İdman və Təhsil təşəbbüsləri vasitəsilə məktəblilər arasında Olimpiya hərəkatı və dəyərləri (Hörmət, Dostluq və Mükəmməllik), həmçinin BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri” təbliğ və təşviq edilən OCEP layihəsinin ilk mövsümündə 100.000-dən çox şagird, 6000-dən çox müəllim cəlb olunub.
Bakı-2019 –dan bəhs edən videoçarx təqdim edildikdən sonra,  2022-ci ildə Avropa Gənclərinin Olimpiya Festivalının Slovakianın Banská Bystrica şəhərində keçiriləcəyi haqda da məlumat verilib. Proqramın uğurunu nəzərə alaraq Slovakiya  Olimpiya Komitəsinin də rəsmi olaraq proqrama qoşulması onu Banská Bıstritsa 2022 AGOF-un irsinə çevirmək haqda qərarı xüsusi olaraq vurğulanıb.  OCEP-in ilk mövsümünə olan marağı nəzərə alaraq Milli Olimpiya Komitəsinin təşkilatçılığı Təhsil Nazirliyinin və digər tərəfdaşların dəstəyi ilə layihə bu dəfə Slovakiya ilə paralel şəkildə olmaqla yenidən Azərbaycanda icra ediləcəyi də bildirilib. Vacib bir məqam da ondan ibarətdir ki, OCEP-in ilk mövsümündən fərqli olaraq 2022-ci ildən icra ediləcək ikinci mövsümündə qardaşlaşmış məktəblər şəbəkəsinə təkcə Avropadan deyil dünyanın müxtəlif ölkə və şəhərlərindən də məktəblər qoşula biləcək. Y. Kovalyov adına 229 saylı məktəb bu mötəbər tədbir çərçivəsində AGOF -un yeni ev sahibi Slovakiyanı təmsil edəcək.
Azərbaycan məktəbinin Slovakiyada əməkdaşlıq etdiyi təhsil ocağı isə öz növbəsində məktəblərin qarşılıqlı birgə əməkdaşlığı ilə ölkəmizin milli mədəniyyəti ilə tanış edəcək və festival çərçivəsində Azərbaycanı təmsil edəcək. Bu isə öz növbəsində mədəni əlaqələr, həmçinin məktəblilər arasında dostluq münasibətlərinin gücləndirilməsi ilə yanaşı, Olimpizmin təbliği və təşviqini daha yaradıcı və maraqlı formatda reallaşdırmağa kömək edir.  Məktəbin uğurlu idmançı şagirdlərinin təqdimatı,  Slovakiya mətbəxinin ləziz təamlarl ilə tanışlıq və dequstasiya, “Xarı bülbül”, slovak, yallı  rəqsləri, məktəblilərin ifasında səslənən mahnılar və Milad bayramına özəl səhnələşdirilmiş musiqili-bədii nömrə qonaqların marağına səbəb olub. Təkcə layihə iştirakçılar arasında deyil, həm də BOK və AOK tərəfindən böyük rəğbətlə qarşılanan OCEP yeni mərhələyə qədəm qoyur.