Xəbərlər

Azərbaycan cüdo ailəsinə yeni idmançı qatıldı!

04 may 2022 474

Azərbaycan Cüdo Federasiyası (ACF) məlumat verir ki, Beynəlxalq Cüdo Federasiyası (IJF) Olimpiya oyunlarının gümüş mükaftaçısı və dünya çempionu Səid Mollayinin 2 may 2022-ci ildən etibarən Azərbaycan bayrağı altında çıxış etməsinə rəsmi razılıq vermişdir.

IJF-in qəbul etdiyi yeni idman qaydalarına əsasən, idmançı çıxış etdiyi ölkəni dəyişərkən əvvəllər olduğu kimi, onun reytinq xalları sıfırlanmayacaq. Bu qaydaya əsasən, Səid Mollayi hazırda malik olduğu reytinq xallarını qoruyub saxlayacaqdır. Qeyd edək ki, hazırda o, -81 kq. çəki dərəcəsində dünya reytinqində 7-ci yerdə gedir.

Səid Mollayi 2018-ci ildə Bakıda keçirilən dünya çempionatının qalibi olub. 2021-ci ildə keçirilən Tokio Yay Olimpiya Oyunları 2020-də isə gümüş medal qazanıb. Bundan əlavə, Səid müxtəlif illərdə Asiya Oyunlarında və Çempionatlarında, Böyük Dəbilqə turnirlərində və digər nüfuzlu beynəlxalq yarışlarda qalib və mükafatçı olmuşdur.

“-81 kq. çəki dərəcəsi kişilərdən ibarət Azərbaycan milli yığma komandasında problemli çəki dərəcəsi hesab edilirdi. Bu çəki dərəcəsində çoxsaylı ümidverici idmançılarımız olsa da, təəssüf ki, yüksək səviyyəli yarışlarda Olimpiya çempionumuz Elnur Məmmədlidən sonra mükafat qazanan olmamışdı. Səid -81 kq. çəki dərəcəsində dünyanın aparıcı cüdoçularından hesab edilir və onun milli komandamıza qatılmağı ilə bu problemi qısa müddət üçün aradan qaldırmağa nail olmağı hədəfləyirik. Eyni zamanda, hesab edirik ki, Səid kimi intizamlı və zəngin təcrübəyə malik olan idmançının milli yığmada olması -81 kq. çəki dərəcəsində rəqabəti artırmaqla yanaşı, istedadlı və gənc idmançılarımızın inkişafına da müsbət təsir göstərəcək”, - deyə ACF-in baş katibi Rəşad Rəsullu bildirib.

Səid Mollayinin sözlərinə görə, Azərbaycan bayrağı altında çıxış etmək onun ən böyük arzularından biri idi: “Ona görə Monqolustan Cüdo Assosiasiyası ilə müqaviləm bitdikdən sonra özüm ilk təşəbbüsü göstərərək ACF-ə müraciət etdim və Azərbaycan adından çıxış etmək niyyətimi bildirdim. Mən çox sevinirəm ki, bundan sonra doğma Azərbaycan bayrağı altında yarışlara qatılacam. Qarşıda bizi dünya və Avropa çempionatları, 2024-cü ildə Paris Yay Olimpiya Oyunları gözləyir. Vaxtımız azdır, əlimdən gələni edəcəm ki, yüksək nəticə göstərim və bayrağımızı yüksəklərə qaldırım”.

Azərbaycan Cüdo Federasiyası adından Səidə uğurlar arzu edir və Azərbaycan cüdo ailəsinə xoş gəldin deyirik!