Bakı-2019 

Bakı Azərbaycan

21 iyul - 27 iyul

Avropa Gənclər Olimpiya Festivalı

10
7
6

XV Avropa Gənclər Yay Olimpiya Festivalı 2019-cu il iyulun 21-27-də Bakıda təşkil olunub. “Zirvələrə hazırıq” devizi altında keçirilən mötəbər idman tədbirində 48 ölkəni təmsil edən 3900 atlet idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında 135 dəst medal uğrunda mübarizə aparıb. Azərbaycan komandası festivalda 122 idmançı ilə təmsil olunub. Olimpiya bayrağı altında keçirilən və Olimpiya ənənələri ilə zəngin olan festivalda Azərbaycan yığma komandası 10 qızıl, 7 gümüş və 6 bürünc medal qazanaraq, 48 ölkə arasında 4-cü yeri tutub.

 

XV Avropa Gənclər Olimpiya Festivalında ən çox medal güləşçilərimizin payına düşüb. Yarışda iştirak edən 18 güləşçimizdən 16-sı fəxri kürsüdə yer alıb. Azərbaycanın gənc pəhləvanları yığmamızın aktivinə ümumilikdə 16 (8 qızıl, 5 gümüş və 3 bürünc) medal yazdırıblar. Komandamıza qızıl medalları sərbəst güləşçilərimizdən Murad Haqverdiyev (45 kq), Kənan Heybətov (51 kq) və Cəbrayıl Hacıyev (65 kq) qazandırıb. Yunan-Roma güləşçilərimizin heyətində isə Fərid Sadıxlı (45 kq), Qurban Qurbanov (48 kq), Elmir Əliyev (51 kq), Həsrət Cəfərov (60 kq) və Xasay Həsənli (65 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sərbəst güləş yarışlarında Sabir Cəfərov (60 kq), yunan-Roma güləşi üzrə yarışlarda isə Əbülfəz Nəsirov (55 kq) gümüş medal qazanıb. Qadın güləşçilərin mübarizəsində isə Gültəkin Şirinova (46 kq), Mərziyə Sadıqova (61 kq) və Elnurə Məmmədova (53 kq) ikinci yeri tutub. Komandamıza bürünc medalları sərbəst güləşçimiz Mircavad Nəbiyev (48 kq), yunan-Roma güləşçimiz Nihat Məmmədli (55 kq) və qadın güləşçimiz Nigar Mirzəzadə (65 kq) qazandırıb. 

 

Avropa Gənclər Olimpiya Festivalında komandamızın aktivinə növbəti medalları isə cüdoçularımız yazdırıblar. Cüdo millimiz fərdi yarışlarda 2 qızıl, 1 gümüş və 3 bürünc medala sahib çıxıblar. Qızıl medallara Turan Bayramov (60 kq), Hüseyn Məmmədov (+90 kq), gümüş medala isə Vüqar Talıbov (73 kq) layiq görülüb. Komandamızın digər üzvləri Şükran Zamanlı (55 kq), Məhərrəm İmamverdiyev (81 kq) və Gülşən Bəşirova (44 kq) bürünc medallara sahib çıxıblar.

 

Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində gimnastika yarışlarında təmsilçimiz Səməd Məmmədli də mükafatçılar sırasına düşüb. Gimnastımız idman gimnastikası üzrə finalda dəstəli at yarışlarında uğurla çıxış edərək EYOF-un gümüş medalına sahib çıxıb. İdmançımız hakimlərdən 13,600 xal alıb.